“Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş proqram çərçivəsində Nizami rayonu Keşlə qəsəbəsində sosial-iqtisadi problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçirilib.” -bu fikirləti Belediyye.info saytına açıqlamasında Keşlə bələdiyyəsinin sədri ələmdar Vəfadarov bildirib.
Sədrin sözlərinə görə, Keşlə bələdiyyəsi tərəfindən ötən il qəsəbənin bir sıra küçələrində başlanan abadlıq işləri bu gündə davam etdirilir:
“Belə ki, D.Aslan və I Köndələn küçələrində abadlıq işləri aparılmış, köhnə qurumuş ağacların kəsilməsi və 350-yə yaxın ağacın budanması, kolların tamamilə təmizlənib səliqəyə salınmışdır. Qəsəbənin H.əliyev prospekti tərəfindən girişi olan bu küçə indi abadlaşdırılaraq gediş-gəliş üçün yararlı hala salınmışdır.
Qeyd edək ki, Keşlə qəsəbəsində yerləşən parkın təmizlənməsi də bələdiyyəyə həvalə olunmuşdur. 1941-1945-ci illərin xatirə kompleksinin yerləşdiyi bu park yaşlı insanların və uşaqların istirahət yeridir. Bunu nəzərə alaraq parkda təmizlik işlərinin aparılması, ağacların sulanması və budanması, işıqlandırma sisteminin yararlı vəziyyətdə olması üçün hər ay oktyabr ayından başlayaraq parkın 2 işçisinə bələdiyyə iclasının qərarıyla əmək haqqı verilir.”
Vətəndaşların bələdiyyəyə etdikləri müraciətlərə toxunan sədr bildirib ki, hesabat dövründə Keşlə bələdiyyəsinə ümumilikdə 222 ərizə və 84 məktub daxil olmuşdur:
“Keşlə qəsəbəsində yaşayan sakinlər hər hansı bir məsələ ilə bağlı bələdiyyəyə yazılı və şifahi formada müraciət etdikdə bu məsələlər bələdiyyənin səlahiyyətləri daxilində həll edilir. əhali və müxtəlif təşkilatlar tərəfindən daxil olan ərizə və məktublara yerindəcə və müəyyən olunmuş müddət ərzində cavab verilir. Qeyd edək ki, bütün ərizə və məktublara operativ, müsbət cavab verilmişdir.”
Sədrin sözlərinə görə, bələdiyyə qəsəbə sakinləri ilə sıx əlaqədə olduğu üçün onların problemlərini, sosial vəziyyətlərini yaxından izləyə bilmişdir. Bu səbəbdəndir ki, hər il müxtəlif dini və milli bayramlarda qəsəbənin aztəminatlı təbəqəsi ilə görüşlər keçirmiş, onlara Qurban, Novruz və Ramazan bayramlarında ərzaq yardımları edilmişdir.
2015-ci ildə ümumilikdə 390 nəfər qəsəbə sakini ərzaq yardımı almış, 11 nəfərə isə 1650 manat məbləğində maddi yardım olunmuşdur.
Nizami rayonu 227 saylı tam orta məktəbdə 31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Həmrəyliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmiş, qalib şagirdlərə pul mükafatı və fəxri fərmanlar verilmişdir
Bələdiyyənin qarşılaşdığı problemlərə toxunan sədr “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar” müəyyənləşdikdən sonra fiziki şəxslərin əmlak vergisi yeni əmsallar tətbiq edilməklə hesablanmışdır. Keşlə qəsəbəsi üzrə torpaq və əmlak vergisi yığımında bir sıra müvəqqəti çətinliklər yaransada, əhalinin vergi ödənişlərini asanlaşdırmaq üçün poçt şöbəsində, Azərbaycan Beynəlxalq Bankında və Kapital Bankda hesablar açılmışdır.
Keşlə qəsəbəsində yaşayan əhalinin böyük əksəriyyətinin mülkiyyəti təsdiq edən sənədi olmadığı üçün əmlak vergisini yığdıqda xeyli problemlərlə üzləşirik. Bu məsələ dövlət səviyyəsində həllini tapmış olsa, bələdiyyənin də işlərində xeyli irəliləyişlər olar.
2015-ci ildə bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr maraqlı rəqəmlər açıqlamışdır:
- Yaşayış sahələrindən yığılan rüsumlar: torpaq vergisi – 34201 manat, əmlak vergisi 81564 manat; sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən yığılan rüsumlar: icarə haqqı 3925 manat, mehmanxana rüsumu – 1200 manat, ümumilikdə mədaxil 127.290 manat olmuşdur.
Keşlə bələdiyyəsi həm də Nizami rayonunda yerləşən bir təşkilat olduğu üçün fəaliyyəti zamanı işimizi rayonda yerləşən digər idarə və təşkilatlar, ilk növbədə rayon icra Hakimiyyəti ilə əlaqəli şəkildə qururuq və işimizi bu səpkidə davam etdiririk. Keşlə bələdiyyəsi bundan sonra da öz fəaliyyətini davam etdirərək bələdiyyə ərazisində mövcud olan problemlərin imkan daxilində uğurla aradan qaldırılmasına, bu ərazidə yaşayan sakinlərin rifah halının yüksəlməsi və rahat yaşamaları üçün əlindən gələni əsirgəməməyə çalışacaq.
Belediyye.info